Qəlyanaltılar

Südlü çörək

İnqrediyentlər

1 paket (2 çay qaşığı) quru toz maya

2 stəkan ilıq “Azərsüd” südü

6,5 stəkan un

1,5 stəkan şəkər tozu

Bir çimdik duz

1 çay qaşığı sarıkök

1 ədəd yumurta

200 qr. kərə yağı

Üzəri üçün: 

1 ədəd yumurta

1 çay qaşığı xaş-xaş

Hazırlanma qaydası:

Mayanı 1 stəkan “Azərsüd” südü ilə həll edib 5 dəqiqəlik kənara qoyun. İri qaba un, şəkər tozu, duz və sarıkökü əlavə edib qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan “Azərsüd” südünü, yumurta və yağı əlavə edib xəmir yoğurun. Əvvəlcə xəmir bir qədər yapışqan olacaq, amma narahat olmayın, yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır. Xəmiri qaba qoyub üstünə dəsmal örtün və kənarda təxminən 2 saat ərzində gözlədin. 2 iri listə ya yağlı kağız sərin, ya da yağlayın. Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır. Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb 1 saatlıq kənara qoyun. Sobanı 190 dərəcəyədək qızdırın. Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə naxış vurub sonra isə xaş-xaş səpin. Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində, üstü yaxşı qızaranadək bişirin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin. Nuş olsun!